Saxlananlar buraxılıb (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

300 it saxlayan gəncin icra hakimiyyəti ilə savaşı (Video arxiv)

Aksiya iştirakçılarından saxlanan və habelə təşkilatçı kimi evindən aparıldığı deyilən Nicat İsmayılovun sərbəst buraxıldığı bildirilir.

Bu barədə aksiya iştirakçıları məlumat veriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri (KİV) və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev da “Turan” agentliyinə bildirib ki, Nicat İsmayılovla profilaktik söhbət aparılıb.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, aprelin 5-də Fəvvarələr meydanında heyvan haqları fəalları Azərbaycanda evsiz itlərin öldürülməsinə qarşı aksiya keçirməyə cəhd edib.

Fəallar iddia edir ki, sahibsiz itləri amansızlıqla öldürürlər.

Aksiya zamanı etirazçılar Ev Heyvanlarının Mühafizəsi haqqında Avropa Konvensiyasının tələblərinin həyata keçirilməsini və itləri güllələyərək qətlə yetirən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər. Onlar "Konvensiyanı icra et", "Öldürmə yaşat", "Qətliama son" şuraları səsləndiriblər.

10 dəqiqə davam edən aksiyanın polis əməkdaşları qarşısını alıb.

Aksiya iştirakçılarından Zəhra Kələndərova, Kamran Məmmədli, Elxan Mirzəyev Sənay Qəhrəmanlının saxlanıldığı bildirilir. Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək və tələblərə rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Heyvan haqları fəalının saxlandığı bildirilir

Heyvan haqları fəalı Nicat İsmayılovun bu gün, aprelin 5-də saxlandığı deyilir.

Bu barədə N.İsmayılovun yaxınları məlumat verib.

Məlumata görə, fəalı yaşadığı evindən polis əməkdaşları naməlum istiqamətə aparıb: "Nicatı təxminən 1 saat əvvəl Nərimanov rayonunda yerləşən evindən polislər aparıblar, amma hara aparılıb, məlumatımız yoxdur".

N.İsmayılovun yaxınları güman edirlər ki, o, bu gün, aprelin 5-də aksiya təyin etdiyinə görə saxlanıb: "Nicat bu gün küçələrdəki itlərin amansızlıqla öldürülməsinə və bu əməllərin cəzasız qalmasına dinc etiraz aksiyası keçirilməsini planlaşdırırdı. Bununla bağlı elan da yaymışdı. Çox güman ki, buna görə saxlanıb".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.