Suriyada 10 illik müharibə, yüz minlərlə həlak olanlar və qaçqınlar düşənlər

Suriya, arxiv foto

Suriyada Bəşər Əsəd rejiminə qarşı ilk etirazların 10-cu, Rusiya qoşunlarının bu münaqişədə iştirakının 6-cı ildönümündə Rusiyalı hüquq müdafiəçiləri Suriyadakı insan haqları və humanitar qanunların pozulmasına dair 200 səhifəlik hesabat yayıblar.

Hesabatla bağlı BBC-nin rus xidməti geniş məlumat yayıb.

Sənəddə qeyd olunur ki, on il ərzində Suriya münaqişəsi müasir tarixin ən böyük miqrasiya böhranlarından birinə gətirib çıxarıb:

5.5 milyon suriyalı ölkəni tərk etmək məcburiyyətində qalıb, altı milyondan çox adam evini tərk edərək Suriyanın içərisində didərgin düşüb.

Bombardmanlar və döyüşlər nəticəsində təxminən 600 min insan ölüb, 2 milyon nəfər yaralanıb.

Buna da bax: Suriyada Rusiya hərbi bazasına hücum olub

Hesabatda vurğulanır ki, əgər 2010-cu ildə Suriya əhalisinin sayı 21 milyon 300 min nəfər olubsa on illik müharibədən sonra bu say 17 milyona düşüb.

Hesabatda qeyd olunur ki, 10 illik müharibə dövründə Suriyada tutulanların, oğurlananların və yoxa çıxanların sayı ilə bağlı indiyə qədər hər hansı dəqiq məlumat yoxdur. "Human Rights Watch"-un 2018-ci ildə yaydığı hesabatda qeyd olunur ki, rəsmi güc strukturları tərəfindən saxlandıqdan sonra 90 mindən çox suriyalı itkin düşüb. "Amnesty International" təşkilatının hesabatında isə vurğulanır ki, təkcə 2011-2015-ci illərdə ölkə həbsxanalarında minlərlə insan məhkəmə qurulmadan güllələnib.

Buna da bax: ABŞ ‘Rusiya və Əsəd rejimindən əzab çəkənlərə’ yardım elan edir

Digər bir hesabatda isə münaqişə dövründə Suriyada 900 həkimin öldürüldüyü qeyd edilir. BMT-nin Suriyanı Araşdırma Komissiyasının 2018-ci il hesabatında isə vuğulanır ki, tibbi müəssisələrə vurulan zərbələr Suriyadakı münaqişə zamanı ən uzun sürən pozuntulardan biri olub.

Hesabat, Suriya böhranının onuncu ildönümü üçün Rusiyanın aparıcı və ən nüfuzlu insan haqları təşkilatlarında çalışan Rus hüquq müdafiəçiləri tərəfindən hazırlanıb. Suriyadan olan qaçqınlar, insan haqları müdafiəçiləri, jurnalistlər və bu ölkədəki vətəndaş cəmiyyəti nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib, müsahibələr alınıb.

Buna da bax: Rusiya Suriyaya raket zərbələri endirib, azı 10 nəfər həlak olub