Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarı və "ASELSAN" şirkətinin idarə heyətinin rəhbəri Haluk Görgünü qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, Türkiyənin müdafiə sənayesinin qazandığı nailiyyətlərə toxunan prezident İ.Əliyev S.Bayraktarın bu uğurların önündə getdiyini vurğulayıb, "Baykar" şirkətinin buraxdığı məhsulların Azərbaycan torpaqlarının azad olunması zamanı rolunu qeyd edib: "Dövlətimizin başçısı… Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın "Qarabağ" ordeni ilə təltif edildiyini bildirdi və ordeni Selçuk Bayraktara təqdim etdi".
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.