Prokurorluq sayt rəhbərinin xanımına xəbərdarlıq verib

Ə.Sadıqov və S.Sadıqova

Baş Prokurorluq Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun xanımı Sevinc Sadıqovaya xəbərdarlıq edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda əvvəlcə Ə.Sadıqovun ittiham olunduğu məsələlərdən və məhkəməsindən bəhs edilir.

Bildirildiyinə görə, S.Sadıqova və bəzi müxalif qruplaşmalar Ə.Sadıqovun cinayət işi barədə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bəyanatlar yayırlar: "...Baş Prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan... şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edərək onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır".

Bir müddət öncə bəzi kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdı ki, Ə.Sadıqovun həyat yoldaşı şəxsi həyatına aid videoların yayılacağı ilə hədələndiyini bildirib. Açıqlamaya görə, məqsəd onu həyat yoldaşının hüquqlarının müdafiəsi ilə bağlı mübarizədən çəkindirməkdir.

"Heç bir yalan məlumatı yaymamışam"

Sevinc Sadıqova özü məsələ ilə bağlı AzadlıqRadiosuna bildirib ki, heç bir yalan məlumat yaymayıb: "Azərbaycan Respublikasının vətəndaşı olaraq Baş prokuror Kamran Əliyevdən tələb edirəm ki, mənə qarşı olunan təhdid, şantaj, hədələrlə bağlı obyektik araşdırma aparsın. Mən həyat yoldaşım Əfqan Sadıqovun hüququnu heç bir qanunu pozmadan, sivil qaydada müdafiə etmişəm və dövlət orqanlarının fəaliyyətinə, nüfuzuna xələl gətirəcək hər-hansı bir yanlış informasiya verməmişəm".

S.Sadıqovanın sözlərinə görə, ona olunan təzyiq və şantajla bağlı faktları var: "Araşdırma aparılsa, təqdim edərəm. Əsassız heç kimi ittiham etmirəm".

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'

Xatırlatma

Azel TV saytının rəhbəri Ə.Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı. Bir müddət sonra Ombudsman Aparatı da onun səhhətinin nəzarətə götürüldüyünü və sayt rəhbərinin aclıq aksiyasını davam etdirdiyini açıqladığını bildirmişdi. Bu ilin əvvəlində isə S.Sadıqova həyat yoldaşının bu aksiya ilə bağlı tibbi müəssisədə səhhətinin ağırlaşdığını və həkimlərin ona sistem köçürdüyünü söyləmişdi.

Ə.Sadiqovun apellyasiya şikayətinə baxılarkən həbs müddəti də 1 il azaldılmışdı.

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, onda Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onda da onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib. Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.