Qazaxıstanda Nazarbayev və Çinə qarşı etirazlar

Qazaxıstanda aksiya, 27 mart 2021

Martın 27-də müxalifət birlikləri Qazaxıstanın Almatı şəhəri və daha bir neçə bölgəsində aksiyalar keçiriblər. Etirazçıların əsas tələbi Çinin Qazaxıstandakı mövcudluğunun güclənməsinə imkan verməməklə bağlı olub.

AzadlıqRadiosunun Qazax xidmətin verdiyi məlumata görə, keçirilməsi yerli icra hakimiyyəti ilə əvvəlcədən razılışdırılsa da aksiya zamanı həbslər olub.

Son illər Qazaxıstanda "Çin genişlənməsi" nə qarşı çıxanların sayı çoxalmaqdadır. Etirazçılar Qazaxıstan iqtisadiyyatında Çinin varlığının gücləndirməsini istəmirlər.

Ölkədə Pekinlə ortaq müəssisələrin inşasına icazə verməməyə çağırışlar çoxalmaqdadır. Təşkilatçılar hesab edirlər ki, Çinin Qazaxıstan iqtisadiyyatı və siyasətində artan rolu keçmiş prezident Nursultan Nazarbayev dövründə götürülən kreditlərlə bağlıdır.

Almatıda etiraz, 27 mart 2021

"Qazaxların var-dövləti Nazarbayev və Tokayev hakimiyyətinə (Tokayev, hazırkı ölkə prezidenti) görə, kimin əlinə gəldi keçir. Biz Nazarbayev hakimiyyətinə qarşıyıq. Biz Çin ekspansiyasına qarşıyıq. Əgər biz sussaq, Çin tərəfindən udulacağıq. Nazarbayev hakimiyyəti bizim babalarımızdan qalan torpaqlarımızı qorumaq üçün heç bir şey etmir. Əksinə çin fabriklərini ölkəyə gətirir və risklər yaradır." deyə müxalifət nümayəndəsi Abzal Dosiyarov mitinqdəki çıxışı zamanı bu fikirləri səsləndirib.

Etirazçılar Çinin Sincan bölgəsindəki etnik qazaxların həbs düşərgələrində saxlanması və onlara zülm edilməsi məsələsini də qaldırıblar. 2017-ci ildən başlayaraq Çində yerli türkdilli xalqlara qarşı əsasən İslam dininə qarşı repressiyaların olduğu bildirilir.

Mitinqdə "Soyqırımı dayandırın", "Çinə borclu olmaq - müstəqilliyi itirməkdir", "Qazaxlar kölə deyil!" kimi şüarların yazıldığı plakatlar qaldırılıb.

Beynəlxalq insan haqları təşkilatları, bölgədə bir milyona yaxın uyğur, qazax və digər etnik qrupun nümayəndələrinin zorla "yenidən təhsil düşərgələrinə" göndərildiyini, yüz minlərin əsassız ittihamlarla həbs edildiyini bildirərək Sincan siyasətinə görə Pekini qınayır.

Müşahidəçilər ayrıca geniş yayılmış məcburi əmək, azlıqların doğuşa nəzarət siyasətləri və müsəlman qadınların məcburi sterilizasiyasından bəhs edirlər.

Qərb ölkələri Sincanda kommunist rejimin hərəkətlərini "soyqırım" adlandırırlar.

Qazaxıstan isə əsas sərmayəçilərindən və borc verənlərindən biri olan Çini tənqid etməkdən çəkinir.

Ancaq ötən il, Çindən qaçan və təqib edildiyini bildirən dörd qazaxa sığınacaq verib. Bu addım müşahidəçilər tərəfindən Sincan bölgəsindəki ayrı-seçkiliyin Nur-Sultan tərəfindən dolayı yolla tanınması kimi qəbul edilir.

Ancaq eyni gündə ölkənin müxtəlif bölgələrində iki qaçqına edilən hücumlardan sonra insan haqları müdafiəçiləri Çində zülmdən açıq danışan qazaxların tarixi vətənlərində özlərini təhlükəsiz hiss etmədiklərini bildirirlər.