Rusiya hakimiyyəti həbsdə olan müxalifətçi Aleksey Navalnının vəziyyətinin “sabit” olduğunu deyir, tərəfdarları isə buna sübut istəyir. Vəkilləri müxalifətçinin saxlandığı həbsxanada onunla görüş üçün gözləyirlər.
Martın 24-də Navalnının müttəfiqləri onun vəziyyətindən, harada olmasından, səhhətində pisləşmədən narahatlıqlarını bildirdilər. Çünki müxalifətçi həbsdə vəkilləri ilə təyin olunmuş görüşə gəlməyib.
Buna da bax:
Xabarovskda Navalnı tərəfdarları saxlanıb
“Sabit və qənaətbəxş”
Navalnının Rusiya üzrə şəbəkələrinin koordinatoru Leonid Volkov deyib ki, anti-korrupsiya fəalının ötən həftə “kəskin” bel ağrıları olub, qıçı keyiyib, otura bilməyib. Volkov Navalnıya ağrıya görə iki “Ibuprofen” həbi verildiyini bildirib.
Martın 25-də Federal Penitensiar Xidmətdən (FSIN) “Interfax” agentliyinə bildirilib ki, bir gün öncə Navalnının saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində məhbusların tibbi müayinəsi keçirilib.
“Müayinə nəticəsində Navalnının səhhətinin sabit və qənaətbəxş olduğu müəyyənləşib”, – qurumdan deyilib.
“İndi biz həqiqətən narahatıq. Hətta Federal Penitensar xidmət belə Navalnının vəziyyətinin yaxşı olduğunu demir”, – müxalifətçinin Antikorrupsiya Fondu Twitter-də yazıb.
Vəkilləri Olga Mixailova və Vadim Kobzev martın 25-də bir neçə saat gözləyəndən sonra koloniyaya girmələrinə icazə veriblər, amma hələ də Navalnı ilə görüş gözləyirlər.
Buna da bax:
Rusiyada veteranların təhqiri cinayət sayılacaq
Xatırlatma
Navalnı yanvarın 17-də müalicə aldığı Berlindən Moskvaya qayıdarkən aeroportda saxlanıb. O vaxtdan onun müttəfiqləri və tərəfdarlarına təzyiqlər davam edir. Müxalifətçi ötən avqustda Sibirdə zəhərlənəndən sonra Almaniyaya aparılıb. Avropada bir neçə laboratoriya onun Noviçok sinfindən sinir qazıyla zəhərləndiyini təsdiqləyib.
Fevralın 2-də məhkəmə Navalnını mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilərək 2 il 8 ay həbsə məhkum edib. Müxalifətçi bu işi siyasi motivli hesab edir.
Məhkəmənin hökmü ölkədə kütləvi etirazlara səbəb olub, bir neçə şəhərdə etirazlarda 1400-dən çox saxlanan olub.
Avropa Birliyi, Birləşmiş Ştatlar və Kanada Navalnı işinə görə Rusiyaya sanksiyalar tətbiq edib.