Böhtan və təhqirə görə cərimələr üçqat artırıldı

Ermənistan qəzetləri

Daha öncəki cərimələrin məbləği uyğun olaraq 2 milyon və bir milyon dram idi

Ermənistan parlamenti Mülki Məcəlləyə dəyişiklik edərək böhtan və təhqirə görə cərimələri artırıb. Yerli media təşkilatları bunun söz və ifadə azadlığına “ciddi ziyan” vuracağını deyirlər.

Böhtana görə cərimə 6 milyon drama (11 min 400 dollar), təhqirə görəsə 3 milyon drama (5 min 700 dollar) qaldırılıb.

Daha öncəki cərimələrin məbləği uyğun olaraq 2 milyon və bir milyon dram idi.

Birinci oxunuşda 10 milyon dramadək (19 min dollar) cərimə nəzərdə tutulmuşdu, sonradan hökumətin təklifi ilə məbləğ azaldıldı.

Ölkənin bir sıra media təşkilatları Prezident Armen Sarkisyanı qanunu imzalamamağa, konstitusiyaya uyğun olub-olmamasının yoxlanması üçün Konstitusiya Məhkəməsinə göndərməyə çağırıblar.

Onların fikrincə, dəyişiklik həddən artıq təhlükəlidir, məmurlar, siyasətçilər, digər məşhurlar hətta obyektiv tənqidi belə böhtan və təhqir kimi qəbul edərək məhkəməyə verməyə meyllidirlər.