Paris karantinə bağlanır

Fransanın baş naziri martin 18-də paytaxt Parisdə və ölkənin bəzi şimal hissələrində bir aylıq karantin elan edib.

Reuters yazır ki, vaksinləmə prosesinin ləngiməsi və ölkədə koronavirusun daha yoluxucu ştamlarının yayılması ilə bağlı prezident Emmanuel Makron pandemiya ilə bağlı siyasətini kəskin dəyişib.

Makron yanvarın sonlarından bəri alimlərin və öz kabinetinin bəzi nazirlərinin karantin elan etmək çağırışlarını rədd edərək bildirmişdi ki, ölkəni və onun iqtisadiyyatını mümkün olduğu qədər açıq saxlayacaq.

Koronavirusun ilk dəfə Britaniyada aşkar edilmiş daha yoluxucu ştammı indi Fransada bütün yoluxmaların 75 faizini təşkil edir.

Son günlər Paris xəstəxanalarının reanimasiya şöbələrində yenə də sıxlıq yaranıb. Parisdə hər 100 min nəfərdən 400-də koronavirus tapılıb.

Buna da bax: Koronavirusun ‘Britaniya növü’ Azərbaycana gəlib

Fransa pandemiyanın üçüncü dalğasına girir

Baş nazir Jan Kasteks mətbuat konfransında deyib ki, Fransa yoluxmaların üçüncü dalğasına daxil olub.

Karantin martin 19-da, gecəyarısı, Parisin 16 rayonunda və ölkənin bəzi şimal ərazilərində qüvvəyə minəcək.

Bu da xəbər verilir ki, məktəblər bağlanmayacaq və adamlara evlərinin 10 kilometrlik radiusunda idmanla məşğul olmaq icazəsi veriləcək.

Karantin elan edilmiş ərazilərin sakinləri fövqəladə səbəb olmadan başqa yerlərə səfər edə bilməyəcəklər.

Gündəlik tələbat malları satan mağazalar və kitab dükanları da bağlanmayacaq.

Buna da bax: Avropa Səhiyyə Agentliyi: AstraZeneca vaksini təhlükəsiz və effektivdir

AstraZeneca ilə peyvəndləmə bərpa olunacaq

Makron bütün ölkə boyunca karantin elan etməyib, lakin ölkə əhalinin beşdə biri Parisdə yaşayır.

Ölkə boyunca dekabrın ortalarından elan edilmiş gecə kommendant saatı qüvvədə qalsa da, bir saat gec, axşam saat 19-dan başlanacaq.

Hökumət karantini daha əvvəl elan etmədiyinə görə təəssüflənmədiyini bildirir. Kasteks deyib ki, karantin elan etməmək yanvar ayında düzgün qərar idi.

Kasteks bunu da deyib ki, Fransa Avropa Səhiyyə Agentliyinin bəyanatından sonra AstraZeneca vaksini ilə peyvəndləməni bərpa edəcək.

İspaniya da bu vaksindən istifadəyə qayıdacağını bəyan edib.