ABŞ Rusiya üzərinə sanksiyalarını genişləndirib

Birləşmiş Ştatlar müxalifətçi Aleksey Navalnının zəhərlənməsinə görə bu ayın əvvəllərində Rusiya rəsmiləri üzərinə qoyulmuş məhdudiyyətləri genişləndirib.

ABŞ Ticarət Nazirliyi bildirib ki, martin 18-dən qüvvəyə minəcək yeni cəza tədbirləri Rusiyaya milli təhlükəsizlik mülahizələri ilə satışına limit qoyulmuş malların siyahısını genişləndirir.

Söhbət əsasən yüksək texnologiya, kompüter proqramları və ehtiyat hissələrindən gedir.

Nazirliyin bəyanatında deyilir ki, dissidentlərə, öz sərhədinin daxilində və xaricində qanunsuz kimyəvi maddələrlə hücum edən Rusiya hökuməti Kimyəvi Silahların Qadağanına dair Konvensiya üzrə öhdəliklərini kobud şəkildə pozub, habelə öz vətəndaşlarını və başqa ölkələrin vətəndaşlarını ölümcül risk altında qoyub.

Buna da bax: Bayden Putinə ‘qatil’ dedi, Rusiya səfirini geri çağırdı

Həssas texnologiyalar

Bəyanatda bu da qeyd olunur ki, ABŞ Ticarət Nazirliyi bundan sonra da Rusiyanın həssas Amerika texnologiyalarına çıxışını məhdudlaşdırmaq istiqamətində çalışacaq.

Söhbət ilk növbədə kimyəvi silahlarla bağlı ziyanlı fəaliyyətlər üşün istifadə oluna biləcək texnologiyalardan gedir.

Bəyanatda ilk dəfə martin 2-də elan edilmiş məhdudiyyətlərin hansı mallara aid edildiyi açıqlanmayıb.

Martın 2-də elan edilmiş sanksiyalar Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov da daxil, Rusiyanın 7 vəzifəli rəsmisinə tətbiq edilmişdi.

Sanksiyalar həmin şəxslərin ABŞ-dakı hər hansı aktivlərini, bank hesablarını dondurur və onların ABŞ-a səfərinə qadağan qoyur.

Vaşinqton habelə Rusiyaya kimyəvi silahların hazırlanmasında kömək edən 14 şirkəti də sanksiya siyahısına daxil edib.