FİN Badamdardakı sürüşmə ilə bağlı açıqlama yayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Coğrafiya İnstitutu sürüşməyə görə yol tikənləri ittiham edir (Arxiv videosu)

Bu gün, martın 8-də Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib:

"Yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə..."

"Fövqəladə Hallar Nazirliyi tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3.5 metr, dərinliyi 30 metr olan üç drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər iki quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur".

Nazirlik bildirir ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq: "Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq".

"Lokal axıntı gözlənilən idi"

Nazirlik qeyd edir ki, martın 8-də baş vermiş lokal axıntı gözlənilən idi: "Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir. Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub, işlər qrafik üzrə davam etdirilir".

Xatırlatma

Bundan əvvəl, 2021-ci il yanvarın 28-də Badamdar sahəsində torpaq sürüşməsi baş vermişdi. Bunun nəticəsində qoruyucu divarlar da kütlənin təsiri ilə dayanıqlığını itirib və aşağı sürüşmüşdü. Bu zaman bir neçə evə və bir avtomobilə ziyan dəydiyi bildirilirdi.

Son dönəmlər sözügedən ərazidə torpaq sürüşməsi 2017-ci ildən aktivləşib. Buna səbəb kimi ərazinin tikinti ilə həddən artıq yüklənməsi, kanalizasiya sisteminin olmaması, Bayıl yamacına insan müdaxiləsi göstərilib. Əraziyə Yaponiyadan mütəxəssislər dəvət olunduğu qeyd edilirdi.