Navalnının hansı həbsxanaya köçürüldüyü açıqlanmır

Navalnı məhkəmədə, 20 fevral, 2021-ci il

Navalnının vəkili Vadim Kobzev onun saxlandığı cəzaçəkmə müəssisəsinə gedib, amma müxalifətçinin başqa yerə köçürüldüyü bəlli olub

Rusiyanın həbsxana orqanı müxalifət lideri Aleksey Navalnının martın ortasından Moskvada saxlandığı təcridxanadan başqa həbsxanaya köçürüldüyünü təsdiqləyib.

Federal Penitensiar Xidmətin rəhbəri Aleksandr Kalaşnikov Kremlin tənqidçisinin hansı həbsxanaya köçürüldüyünü açıqlamayıb. Onun artıq cəzaçəkmə müəssisəsinə çatdığı, yaxud hələ yolda olduğu da bəlli deyil.

Müxalifətçi hazırda 2 il yarım həbs cəzası çəkir.

Buna da bax: Amnesty Navalnının ‘vicdan məhbusu’ statusunu geri alır

Təhdidin olmamasına təminat

“O, məhkəmənin qərarına uyğun olaraq olmalı olduğu yerə köçürülüb”, – Kalaşnikov fevralın 26-da reportyorlara deyib.

“Onun sağlamlığına, həyatına hər hansı təhdidin olmamasına təminat verirəm”, – o, sözlərinə əlavə edib.

Rusiya hakimiyyəti adətən, məhbuslar cəzaçəkmə müəssisəsinə çatmayanacan onların transferi haqda informasiya açıqlamır.

Bir gün öncə Navalnının vəkili Vadim Kobzev deyib ki, müvəkkilinin saxlandığı cəzaçəkmə müəssisəsinə gedib, amma onun başqa yerə köçürüldüyü bəlli olub.

Fevralın 2-də Moskvada məhkəmə Navalnıya 2014-cü ildə kəsilmiş 3 il yarım şərti cəzanı real cəzayla əvəzləyib. Cəzanın çəkilmiş hissəsi nəzərə alınmaqla müxalifətçiyə qarşı 2 il yarım həbs qərarı çıxarılıb.

Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. O, ötən avqustda Sibirdə Noviçok sinir qazıyla zəhərlənəndən sonra Almaniyada müalicə alırdı.

Buna da bax: AB-dən Rusiyaya yeni sanksiya qərarı gözlənir

Sanksiyalar gözlənir

Rusiya rəsmi orqanları iddia edirlər ki, Navalnı Almaniyada müalicə zamanı təcridxana rəsmiləri ilə əlaqə saxlamayıb və beləliklə də, şərti cəzanın şərtlərini pozub.

Navalnı zəhərlənməsinə görə birbaşa Rusiya prezidenti Vladimir Putini ittiham edir. Bellingcat araşdırmaçı təşkilatı isə zəhərlənməni Rusiya Federal Təhlükəsizlik Xidməti əməlliyyatçıları ilə əlaqələndirib.

Amma Rusiya hökuməti zəhərlənmədə əli olmadığını deyərək insident üzrə təhqiqat başlatmaqdan imtina edib.

Avropa Birliyi Navalnı işi üzrə Rusiyaya yeni sanksiyaların tətbiqini nəzərdən keçirir.

BMT fevralın 26-da bildirib ki, martın 1-də Cenevrədə mətbuat konfransında Navalnı işi üzrə təhqiqatın nəticələri açıqlanacaq.