Şaman polis əməkdaşına hücumda suçlanır

Aleksandr Qabışev

Polis yanvarın 27-də Qabışevi zorla psixiatrik klinikaya aparıb

Sibirin Yakutiya regionunda yaşayan, indiyədək Moskvaya bir neçə dəfə yürüş cəhdi edərək “Prezident Vladimir Putini Kremldən qovmağa” çalışan şaman polis əməkdaşına hücumda ittiham olunur.

Moskvaya yürüş edəcəyini deyirdi

Müxalifətin “Açıq Rusiya” qrupunun koordinatoru Aleksey Pryanişnikov fevralın 24-də deyib ki, Yakutiya paytaxtı Yakutskda polis Aleksandr Qabışevə cinayət işi açıb. O, yanvarın sonunda evindən zorla psixiatrik klinikaya aparılarkən “polis əməkdaşıma qarşı zorakılıqda” ittiham olunur.

Əlavə informasiya verilmir.

Buna da bax: ‘Putini qovmaq istəyən şamanı’ yenə də tutdular

Polis yanvarın 27-də Qabışevi zorla psixiatrik klinikaya aparıb. Bundan təxminən üç həftə qabaq isə şaman Putini Kremldən qovmaqdan ötrü Rusiya paytaxtına yürüşünü bərpa etmək planını açıqlayıb.

Qabışev ilk dəfə 2019-cu ilin martında medianın diqqətini çəkib. O, Putini “şeytan” adlandıraraq Moskvaya doğru yürüşə başladığını bəyan edib.

2 min km-dən artıq yol qət edən şaman yol boyunca yüzlərlə rusiyalı ilə danışıb.


Buna da bax: 'Putini qovmaq istəyən' şaman yenə yola çıxır

700 nəfərlik yürüş

O məşhurlaşdıqca, adamlarla söhbətləri sosial mediaya yerləşdirilir, milyonlarla baxış cəlb edirdi.

Ötən ilin iyulunda Çita şəhərinə çatan Qabışev “Putinsiz Rusiya!” devizi altında 700 nəfərdən ibarət yürüşə başçılıq etdi.

Onda Qabışev deyirdi: “Tanrı mənə deyib ki, Putin insan deyil, şeytandır, onu qovum!”

O, sentyabrın sonunda Buryatiya regionunda saxlandı, iradəsinin əksinə olaraq Yakutiyada psixiatrik klinikaya yerləşdirildi.

Şamanın klinikaya yerləşdirilməsini çoxları sovet dönəmində narazıların susdurulması praktikasıyla eyniləşdirdi.

Əsrlər boyu şamanlar Sibirdə şəfaverici qüvvə kimi xidmət ediblər. Sovet dövründə onlar kəskin repressiyaya məruz qalıblar. Amma hazırda Sibirin ayrı-ayrı yerlərində yenidən məşhurlaşırlar.