ANAMA əməkdaşı Ağdamda minaya düşüb

ANAMA əməkdaşları Füzulidə.

Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı minaya düşüb. Bu barədə bu gün, yanvarın 29-da ANAMA məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yanvarın 29-u saat 11 radələrində baş verib.

Həmin şəxs Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağır dəyərləndirilir.

Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunduğu və çox saylı qəlpə yarası aldığı bildirilir.

Dünən, yanvarın 28-də, saat 12 radələrində isə Azərbaycanın bir vətəndaşı Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşüb xəsarət almışdı. Onun isə traktorla yer şumlayarkən minaya düşdüyü qeyd edilirdi.

Son aylar Azərbaycanda həm bir neçə hərbi qulluqçunun, həm də mülki insanın minaya düşmələri üzündən həlak olduqları açıqlanıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.