Moskva COVID-19 qadağalarını yüngülləşdirir

Arxiv fotosu

Moskva hakimiyyəti koronavirus qadağalarının bəzilərini qaldırıb. Barlar, restoranlar və gecə klublarının gecələr bağlanması qaydası da ləğv olunub.

Yanvarın 27-dən şirkətlər daha ofisdən işləyən əməkdaşların sayını məhdudlaşdırmalı deyillər. Mer Sergey Sobyanin bloqunda yazıb ki, şəhərdə “koronavirus yoluxmalarının yayılması ilə bağlı vəziyyət yaxşılaşır”.

“Belə şəraitdə iqtisadiyyatı mümkün qədər sürətlə dirçəltmək vəzifəmizdir”, – Sobyanin vurğulayıb.

Rusiya COVID-19 yoluxmalarına görə dünyada dördüncü yerdədir, ancaq yayılmanı önləməkdən ötrü sərt karantindən imtina edib.

Yanvarın 26-da ölkədə 19 mindən çox yeni yoluxma aşkarlanmaqla ümumi say 3 milyon 795 mini keçib.

Virusdan 70 min 500 nəfərə yaxın xəstənin vəfat etdiyi deyilsə də, real rəqəmin daha yüksək olduğu güman edilir.

Ayın əvvəlində Rusiyada hazırlanmış Sputnik V vaksinini yaşı 18 və yuxarı olan bütün vətəndaşlara vurmağa başlayıblar.