Prezident İrandan gələn naziri qəbul edib

İ.Əliyev M.C.Zərifi qəbul edir. 25 yanvar 2021

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Prezident İ.Əliyev deyib ki, ölkələr arasında əməkdaşlığın səviyyəsindən çox məmnundur: "Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb".

Daha sonra prezident Xudafərin su anbarı ilə bağlı əməkdaşlıqdan və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlardan bəhs edib.: "Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər".

Xəbərə görə, M.C.Zərif isə deyib: "Mən Sizin "3+3" əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni, 5 (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistan) üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur".

Bir müddət əvvəl həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi bəyan etmişdi ki, əgər Ermənistan ərazi və başqa iddialarından əl çəkərsə, onlarla da əməkdaşlığa hazırdırlar.

İranın xarici işlər naziri Azərbaycana gəlib

İranın Xarici İşlər naziri Cavad Zərif yanvarın 24-də Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə AZƏRTAC xəbər verib.

Xəbərə görə, Məhəmməd Cavad Zərif Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə deyib ki, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcək.

Onun sözlərinə görə, bunlarla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.

M.C.Zərif qeyd edib ki, Azərbaycandan sonra o, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək. Vurğulandığına görə, bu səfərlərdə də qarşılıqlı əlaqələr və regiondakı siyasi vəziyyət müzakirə olunmalıdır.