Ə.Sadıqovun hələ də qida qəbul etmədiyi deyilir

Ə.Sadıqov

Azel TV saytının rəhbəri Əfqan Sadıqovun hələ də aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Sevinc Sadıqova danışıb: "Əfqanla bağlı pozitiv xəbər, hələlik, yoxdur. Vəziyyəti ağır olaraq qalmaqda davam edir, özü də Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir. Artıq 76 gündür ki, aclığı davam etdirir".

S.Sadıqova deyir ki, bütün bu müddət ərzində müxtəlif instansiyalara müraciət etmələrinə baxmayaraq müraciətlərinə hələ də cavab verilməyib: "Ötən həftə Əfqan Sadıqovun anası Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi".

Bir müddət əvvəl isə S.Sadıqova demişdi ki, ötən ilin son günlərində həyat yoldaşının səhhəti kəskin pisləşdiyindən həkimlər ona sistem köçürüblər.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ombudsman Aparatından isə bu gün, yanvarın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə istinadən "Turan"a aşağıdakıları bildiriblər: "Bizə verilən məlumata görə, Əfqan Sadıqovun sağlıq durumu kritik deyil, orta-ağır vəziyyətdədir. Qida qəbulundan imtina edir. Huşu üzərindədir".

Azel TV saytının rəhbəri Ə.Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. 2020-ci il noyabrın 3-də o, Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.