Bərdə sakini minaya düşüb

Mina

Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakininin işğaldan azad edilən ərazilərdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri aldığı bildirilir.

Bu barədə Tərtər rayon Prokurorluğundan məlumat yayıblar.

Məlumata görə, 54-saylı Xocalı yol idarəsinin əməkdaşı olan həmin şəxs Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilişinə aid işlər görürmüş. Həmin zaman onun idarə etdiyi "LUIGONG B-160" markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Son aylar bundan başqa da işğaldan azad edilən ərazilərdə minaya düşmə halları olub. Həm hərbi qulluqçulardan, həm də mülki insanlardan ölənlər var.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.