Dollara tələbat kəskin artıb

Dollar/Manat

Bu gün, yanvarın 12-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Mərkəzi Bankın (MB) açıqlamasına görə, hərracda tələb 142.2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsinin 1.7 səviyyəsində formalaşdığı bildirilir: "Son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib".

MB neftin qiymətinin ötən illə müqayisədə artdığını, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığı və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə almaqla qeyd edir ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır: "Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək".

Bundan əvvəl, yanvarın 7-də keçirilən hərracda tələbin 70.6 mln. ABŞ dolları olduğu və tam təmin edildiyi bildirilmişdi.