4.9 faiz azalma
"2020-ci ildə pandemiya (koronavirus) və müharibə vəziyyəti iqtisadiyyata təbii olaraq öz təsirini göstərib".
AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, yola salmağa hazırlaşdığımız 2020-ci il öz problemləri ilə yadda qalıb: "Lakin Azərbaycan yeganə dövlət və xalq olacaq ki, bu ili Qələbə ili kimi qeyd edəcək. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, ordusunun və xalqının gücünü, xalq-iqtidar birliyini bütün dünyaya göstərdi. Təbii ki, bu uğurların əldə edilməsində güclü iqtisadiyyatın rolu böyükdür".
T.Mirkişili qeyd edib ki, ölkə iqtisadiyyatının 4.9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılırdı: "2020-ci ilin büdcə üzləşməsi səhiyyədə xərclərlə bağlı kəsir yaradıb. Lakin azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı və digər sahələrlə bağlıdır. Neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz təşkil edib".
Sizin brauzer HTML5-i dəstəkləmir
İqtisadçılar gələn ili devalvasiya olacağını deyirlər
+++
Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Komitə iclasında "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsi müzakirə olunur.
Dekabrın 21-də prezident İlham Əliyev Azərbaycanın 2021-ci il dövlət büdcəsinin layihəsini Milli Məclisə təqdim edib.
Layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 25 mlrd. 427 mln. manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat və yaxud 5.4 faiz çoxdur.
Mövcud layihədə xərclər isə 28 mlrd. 543 mln. manat nəzərdə tutulur. Bu da 2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat və ya 3.8 faiz çoxdur.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 mlrd. 116 mln. manat məbləğində nəzərdə tutulur. Bu da 2020-ci illə müqayisədə 0.6 faiz azdır.
Layihədə neftin bir bareli 40 ABŞ dolları götürülüb. 2020-ci ilin büdcə sənədində isə bu, 35 dollar götürülüb.