Nazirlər 10 noyabr bəyanatını müzakirə ediblər

C.Bayramov və S.Lavrov

Bu gün, dekabrın 21-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda yazılıb ki, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar: "Tərəflər həmçinin, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər".

Son aylar onların arasında tez-tez telefon danışıqları olur.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.