Savaşda mülki əhaliyə dəyən ziyan belə ödəniləcək

Sizin brauzer HTML5-i dəstəkləmir

Bərdə raket zərbələri altında

Prezident İlham Əliyev sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən,

- Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat;

- Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat

məbləğində maddi yardım ödəniləcək.

Baş Prokurorluq bu yaxınlarda bəyan edib ki, sentyabrın 27-dən Azərbaycan tərəfində 4186 ev yararsiz hala düşüb. Qurum habelə, 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.

Azərbaycanın rəsmi qurumları habelə bildirmişdilər ki, sentyabrın 27-dən bu hadisələrlə bağlı 100 mülki şəxs həlak olub, 416-sı isə yaralanıb. Onların bəzilərinin minalara düşdükləri vurğulanıb.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.