Britaniyada peyvəndləmə başlanır

İllüstrativ foto

Dünyada yeni koronavirusa 67 milyondan çox insanın yoluxduğu təsdiqlənib, 1.5 milyondan artıq xəstə vəfat edib

Dekabrın 8-də Britaniyada COVID-19 vaksininin ilk dozalarının vurulmasına başlanır.

Pfizer və BioNTech şirkətlərinin hazırladığı, 95 faiz effektiv olduğu bildirilən vaksinin ilk 800 min dozası yaşı 80-dən yuxarı olanlara və qocalar evlərinin işçilərinə vurulacaq.

Səhiyyə rəsmiləri ictimaiyyəti səbirli olmağa çağırır, çünki ilkin mərhələdə daha çox risk qrupunda olanlara peyvənd vurulmalıdır. Əhalinin böyük hissəsi gələn ili gözləməli olacaq.

Buna da bax: 'Kim məqsədli şəkildə yaradır bu bahalığı?'

100 milyon dozalıq vaksin

Digər ölkələr də öz əhalisini peyvəndləməyə hazırlayır. Dünyada yeni koronavirusa 67 milyondan çox insanın yoluxduğu təsdiqlənib, 1.5 milyondan artıq xəstə vəfat edib.

Dekabrın 2-də Pfizer-BioNTech vaksini Britaniyada təcili təsdiqləndi. ABŞ və Avropa Birliyinin müvafiq orqanları isə hələ onunla bağlı qərarını açıqlamayıb.

ABŞ-da vaksinin bu həftə təsdiqlənəcəyi, bir neçə aya 100 milyon dozalıq, yəni 50 milyon nəfərə yetəcək vaksinin çatdırılacağı gözlənir.

Prezident Donald Tramp isə dekabrın 8-də imzalayacağı sərəncamda isə ABŞ hökumətinin aldığı vaksinlərin öncə amerikalılara vurulması, daha sonra digər ölkələrə yardım göstərilməsi nəzərdə tutulur. Bunu administrasiyanın aparıcı rəsmiləri deyib.

Tramp administrasiyası yayda Pfizer-BioNTech vaksininin əlavə bir neçə milyonluq dozasını almaq şansını qaçırdığına görə tənqid olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan koronavirus vaksinini nə vaxt alacaq? - TƏBİB-dən açıqlama

Planlar

İlkin sınaqlarda ümidverici nəticələr ortaya qoymuş daha iki vaksin də təcili təsdiq gözləyir.

Digər ölkələr də vaksinasiya proqramlarını sürətləndirirlər. Dekabrın 5-də Rusiya ölkədə hazırlanmış Sputnik V vaksinini Moskvada 70 klinikaya paylamağa başlayıb.

Ancaq tənqidçilər bu vaksinin son mərhələ sınaqlarını keçmədən qeydiyyata alınmasına diqqət çəkirlər.

Cənubi Koreya dekabrın 8-də bildirib ki, gələn il 44 milyon nəfəri təmin edəcək vaksinlərlə bağlı sazişlər imzalayıb, amma potensial yan təsirləri izləmək üçün gözləmək istəyir.

Braziliyanın Sao Paulo vilayətində yanvarda peyvəndləmə kampaniyası başlanır.

Vaksinasiya planları açıqlandığı bir vaxtda dünyanın ayrı-ayrı yerlərində yoluxma halları artır, reanimasiya şöbələri dolur, rekord sayda ölüm qeydə alınır.