ABŞ Prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culianinin koronavirus testi dekabrın 6-da müsbət çıxıb. O, özünü “yaxşı hiss etdiyini” deyir. Culiani Twitter-də dostlarına və izləyicilərinə “bütün duaları və xoş arzuları” üçün təşəkkür edib.
O, xəstəxanaya yerləşdirilməsi haqda ABŞ mediasında yazılanları təsdiqləməsə də, “böyük qayğı gördüyünü” bildirib.
Tramp dekabrın 6-da səhər Twitter-də yazmışdı ki, Nyu York şəhərinin keçmiş merinin testi müsbət çıxıb.
76 yaşlı Culiani prezidentin 3 noyabr seçkisinin nəticələrinə dair məhkəmə iddialarına başçılıq edib. Nəticələr Demokrat Partiyasından Co Baydeninin qalib olduğunu göstərib, amma Tramp nəticələri mübahisələndirib.
Culiani ölkədə koronavirusa yoluxmaların artmasına baxmayaraq, həlledici ştatlara tez-tez səfərlər edib.
Trampın vəkil komandası bəyanatında Culianinin Arizona, Miçiqan və Corciya ştatlarına səfərlərdən öncə test nəticələrinin iki dəfə neqativ çıxdığını bildirib.
Prezident özü də oktyabrda koronavirusdan müalicə olunmuşdu.