Bu gün, dekabrın 4-də Xəzərdəki "Günəşli" neft yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş faciədən 5 il ötür. Onda 64 neftçidən 32-nin həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı cinayət işi açılsa da, indiyədək istintaqın nəticəsi ictimaiyyətə açıqlanmayıb. Halbuki, rəsmi qurumlar qəzanın səbəblərinin araşdırılacağını bildirmişdi. Baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Komissiyası da yaradılmışdı. Lakin Komissiya da araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş bir məlumat verməyib.
Hadisəyə ilkin dövrdə səbəb olaraq o göstərilirdi ki, saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb. Nəticədə borunun zədələndiyi və şiddətli yanğın baş verdiyi qeyd olunurdu.