Moskvada vaksin vurdurmaq üçün onlayn xidmət açıldı

Rusiya

Moskvada 20 mindən çox insana indiyədək Sputnik V vaksini vurulduğu, onlardan 273-nün sonradan COVID-19-a yoluxduğu deyilir

Bu gün – dekabrın 4-də Moskvada COVID-19-a qarşı vaksin vurdurmaq istəyənlər üçün onlayn xidmət açılıb. İki gün qabaq Prezident Vladimir Putin genişmiqyaslı peyvəndləmə göstərişi verib.

Rusiyada hazırlanmış Sputnik V vaksini klinik sınaqlar tamamlanmamış qeydiyyata alınıb. Aralıq sınaqlarda vaksinin 92 faiz effektli olduğu bildirilir.

Buna da bax: Qazaxıstan da Sputnik V vaksini istehsal edəcək

10 vaksin hazırlanır

Hazırda Rusiyada 10 vaksin hazırlanır, TASS “Rospotrebnadzor” istehlakçı sağlamlığı agentliyinin direktoru Anna Popovaya istinadla xəbər yayıb.

Moskva merinin vebsaytında yerləşdirilmiş informasiyada deyilir ki, paytaxt sakinləri 10 məntəqədə pulsuz vaksin vurdurmaq üçün qeydiyyata düşə bilərlər. Qeydiyyat sabahdan başlanır.

Ilkin olaraq 18-60 yaşlı sosial işçilərə, həkimlərə və müəllimlərə üstünlük veriləcəyi qeyd olunur. Qeydiyyat üçün peşə mənsubiyyətinə dair sənəd göstərilməlidir.

“Moskvanın digər sakinlərinə pulsuz peyvənd daha sonra vurulacaq”, – vebsaytda göstərilib.

Britaniya isə gələn həftədən Pfizer Inc və BioNTech-in hazırladığı vaksinin tətbiqinə başlanacağını bildirib.

Buna da bax: Koronavirusdan ölənlərin sayı milyon yarımı keçdi

20 min nəfərdən 273-ü yoluxub

Moskvada 20 mindən çox insana indiyədək Sputnik V vaksini vurulduğu, onlardan 273-nün sonradan COVID-19-a yoluxduğu deyilir. Bunu Moskva merinin müavini Anastasiya Rakova açıqlayıb.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi bu ay 50 min hərbi personala çatacaq 100 min doza vaksin alacaq.

Rusiya ikini dalğa zamanı karantinə getməyib, regional səviyyədə məhdudiyyətlərə üstünlük verib. Ölkədə yoluxmalar 2 milyon 400 mini keçib, 42 mindən çox xəstə vəfat edib.

Bu arada Serbiyanın Rusiyadan vaksinin ilkin partiyasını aldığı xəbər verilir. Rəsmilərin bildirməsinə görə, ölkə mümkün vaksinlərin hamısından almaq istəyir ki, vətəndaşlar özləri seçim edə bilsinlər.

7 milyon əhalisi olan Serbiyada son həftələr bir neçə min yoluxma aşkarlanıb.