Ağdama dəmir yolu çəkilir

Dəmiryol tikintisi

Bərdə-Ağdam dəmir yolu xətti tikiləcək. Bununla bağlı noyabrın 24-də prezident İlham Əliyev sərəncam imzalayıb.

"Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncama əsasən, ümumi uzunluğu 45 kilometr olan bu xəttin reallaşması üçün ilkin olaraq 5 milyon manat ayrılır.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından imzalanan atəşkəs bəyanatına görə, işğaldan azad edilən ərazilər geri qaytarılmır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Artıq noyabrın 20-də Ağdam rayonuna razılaşmaya uyğun olaraq Azərbaycan ordusu daxil olub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.