Gəncənin deputatına qarşı sui-qəsd iddiası...

Yunis Səfərov

Gəncə hadisələrilə bağlı cinayət işində iddia olunur ki, Yunis Səfərov icra başçısıyla yanaşı, bu şəhəri Milli Məclisdə təmsil edən deputat Naqif Həmzəyevi və Gəncə şəhər Baş Polis İdarəsinin polkovniki Rasim Qurbanovu da qətlə yetirmək istəyib.

Sabiq icra başçısı və mühafizəçi polisə qarşı sui-qəsdlə əlaqədar 2020-ci ildə daha iki nəfər – Müşfiq QurbanovNamiq Sadıxov Rusiyada saxlanılaraq Azərbaycana gətirildi.

Onlar sonradan həbs olunduğuna görə Yunis Səfərovun da daxil olduğu 12 nəfərlik qrupda yox, ayrıca mühakimə olunurlar.

Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Bakıda – Sabunçu rayon Məhkəməsinin binasında keçirilir.

Cinayət işinin materiallarında Müşfiq Qurbanov və Namiq Sadıxov Azərbaycanda məmurları öldürməklə terror aktları törətmək, dövlət çevrilişi etmək istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri kimi təqdim olunub.

Amma hər ikisi məhkəmədə özünü təqsirli bilmədiyini deyib. Müşfiq Qurbanov vurğulayıb ki, ümumiyyətlə, Yunisi tanımır, onunla heç vaxt əlaqəsi olmayıb. Onun haqqında ancaq 2018-ci ilin iyulunda – icra başçısına sui-qəsddən sonra Moskvada saytlardan oxuyub, belə bir adamın mövcud olduğunu bilib.

Buna da bax: Yunis Səfərov: 'Düz Elmarın yanına gəldim... Silahı çəkdim, açılmadı'

Maddi çətinliyə görə Rusiyaya gedib

Namiq Sadıxov isə 2009-cu ildə magistr təhsilini də başa vurandan sonra ingilis dili müəllimi kimi fəaliyyət göstərib, beş il Şəmkirin Qaralar kənd məktəbində işləyib.

O bildirib ki, dağ kəndində işlədiyinə görə daha çox maaş aldığı müddətdə ailəsini dolandıra bilsə də, sonradan maddi çətinliyə görə Rusiyaya getməyə məcbur olub. Moskvada “Food City” ticarət mərkəzində kompüter mühasibi işləyib.

Namiq Sadıxov Yeni Gəncə qəsəbəsindəki 2 saylı orta məktəbdə deputat Naqif Həmzəyevlə birlikdə təhsil alıb. Onun sözlərinə görə, məktəb dövründə yaxşı münasibətləri olsa da, sonradan əlaqələri olmayıb.

Noyabrın 11-də məhkəmə iclasında hadisə vaxtı Elmar Vəliyevin yanında olub, iki güllə yarası almış mühafizəçi polis Qasım Aşpazov zərərçəkmiş qismində ifadə verib.

O bildirib ki, hadisədən sonra görmə qabiliyyətində problem yaranıb, amma polis orqanlarında hələ də işini davam etdirir. O, ifadəsində təsdiqləyib ki, bir neçə il Elmar Vəliyevin şəxsi mühafizəsini təşkil edib.

Qasım Aşpazov Yunis Səfərovun məhkəməsində dindiriləndə ona ağır cəza verilməsini istəyib. Amma M.Qurbanov və N.Sadıxovun məhkəməsində onları tanımadığını və şikayətçi olmadığını bildirib.

Bu cinayət işi üzrə də məhkəmə araşdırmaları davam edir.

Buna da bax: Yunis Səfərov icra başçısını niyə güllələdiyini açıqladı

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edir. Yunis Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə ittiham olunub. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.