Kosovonun keçmiş prezidenti Haşim Taçi noyabrın 9-da Haaqada məhkəmə önünə çıxarılacaq. 20 il öncə Kosovonun müstəqillik müharibəsində törədildiyi bildirilən müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər ittihamları üzrə hazırlıq iclası keçiriləcək.
1998-1999-cu il müharibəsində Kosovo Azadlıq Ordusunun komandiri olmuş Taçi noyabrın 5-də istefa verib. Səbəb isə Kosovo Mütəxəssislər Palatasının ona qarşı ittihamnaməni təsdiqləməsi olub.
Hazırlıq iclasının açıq keçiriləcəyi bildirilir.
Günahsız olduğunu deyən Taçi tribunalla əməkdaşlıq vəd edib.
O, “100-ə yaxın qətlə”, eləcə də “fərdlərin məcburi yoxaçıxması, təqib və işgəncə görməsi üçün məsuliyyət daşımaqda” şübhəli bilinir.
Kosovonun Serbiyadan ayrılması uğrunda müharibədə 10 mindən çox insan həlak olub, onların çoxu etnik albanlar idi. 1600-dən çox şəxs itkin düşüb.
2008-ci ildə Serbiyadan ayrıldığını elan etmiş Kosovonu bir çox Qərb ölkələri tanıyıb. Serbiya, onun müttəfiqləri olan Rusiya və Çin isə bu addımı atmayıb.