Əsir düşən yaralı Ermənistan hərbçilərinin müalicə olunduğu bildirilir

Azərbaycanda xəstəxana, arxiv foto

Azərbaycanda xəstəxana, arxiv foto

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) əsir düşən yaralı Ermənistan hərbçiləri ilə bağlı bu ölkənin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumatını yayıb.

Məlumatda qeyd edilib ki, Komissiyanın katibi İsmayıl Axundov yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri - 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandiyə müalicə aldıqları hospitalda baş çəkib.

“Başçəkmə zamanı Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanmışdır.Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirmiş, minnətdarlıq ifadə etmişlər.”,məlumatda vurğulanır.

Məlumata görə, beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başçəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilib:

“Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılmışdır.”

Amma, bu açıqlamaya əsir düşdükləri bildirilən hərbiçilərin özləri, ailələri və ya Ermənistanın rəsmi qurumlarından, hələlik, hər hansı münasibət bəlli deyil.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 57 civarında kəndi, Cəbrayıl şəhərini, Füzuli şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə yeni sənəd imzalayıblar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.