Tacikistanın avtoritar prezidenti Emomali Rahmonun 91 faizə yaxın səs yığaraq beşinci müddətə prezident postuna seçildiyi açıqlanıb.
Mərkəzi Seçki Komissiyası oktyabrın 12-də bildirib ki, seçicilərin 90,92 faizi Rahmona səs verib.
Seçicilərin 85.4 faizinin seçkiyə getdiyi açıqlanıb.
***
Tacikistanın avtoritar Prezidenti Emomali Rahmon 30 ildir davam edən idarəçilik müddətini uzadır. Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də keçirilmiş seçkini etibarlı sayıb və ilkin nəticələrin bu gün açıqlanacağı gözlənir.
Rahmonun daha yeddi il prezident olacağına hər hansı əngəl gözlənilmir.
1992-ci ildən hakimiyyətdə olan Rahmon dörd dəfə ardıcıl seçkini udub. Ancaq qərbli müşahidəçilər bu seçkiləri azad və ədalətli hesab etməyib.
Rahmonun hakimiyyət müddəti Belarusda Alyaksandr Lukaşenka ilə müqayisə olunur, ondan irəlidədir.
Tacikistan iqtisadi çətinliklər içindədir, bir tərəfdən COVID-19 pandemiyası, digər tərəfdən yüzminlərlə miqrant fəhlə iş dalınca Rusiyadadır, amma son aylar ölkəyə pul göndərişləri də azalıb.
Rahmonun 68 yaşı var, seçkiyə üzüyola parlamentdə təmsil olunan hökumətyönlü partiyalardan az tanınan dörd namizəd də qatılmışdı.
AzadAvropa/AzadlıqRadiosu-nun Tacikistan xidməti səsvermədə pozuntuların olduğunu xəbər verib.