Erməni silahlı qüvvələrinin Mingəçevirə atdığı raket nəticəsində 5 nəfər yaralanıb

Mingəçevirə düşən raket yük maşınına da ziyan vurub, 4 oktyabr 2020

Erməni silahlı qüvvələrinin oktyabrın 4-ü axşam saatlarında Mingəçevirə atdığı raket zərbəsi nəticəsində 5 nəfər mülki şəxs xəsarət alıb.

Məlumatı Azərbaycan Baş Prokurorluğuna istinadən Azərtac informasiya agentliyi yayıb. Məlumata görə, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevirə atılan 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib. Baş prokurorluğun məlumatına görə, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mingəçevirə 3 raket atılıb, yaralananlar var

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Həmsədr ölkələrin liderləri oktyabrın 1-də birgə bəyanat yayaraq tərəfləri atəşkəsə və şərt qoşmadan sülh danışıqlarına çağırıb.