Pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var.
Bunu təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, tədris planlarına əsasən, təhsil müəssisələrində əyani təhsil həftədə 2, 3, 5 gün keçiriləcək və yaxud da tədris distant formada aparılacaq.
Koronavirus pandemiyası ilə bağlı bu tədris ilində (sentyabrın 15-də başlayıb) yalnız ibtidai siniflər (I-IV) məktəbə gediblər. Həftədə 2-3 dəfə.
Qalan günlər və başqa siniflərdə dərslər isə onlayn keçirilib. Sabah, oktyabrın 1-də V-IX, oktyabrın 15-dən isə X-XI siniflər məktəbə getməlidirlər.
Son günlər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlərin başlaması üzündən Azərbaycanda internet məhdudlaşdırılıb. Bu da onlayn tədrisdə çətinlik yaradıb.
Ötən tədris ilində də dərslər koronavirusla bağlı martın 3-dən dayanmışdı. Dərslərin tədris ilinin sonuna kimi onlayn keçirildiyi açıqlandı.