Həbsdə olan bloqer xəstəxanaya yerləşdirilib

A.Qurbanov

Həbsdə olan bloqer və fəal Aslan Qurbanovun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bu barədə bloqerin qardaşı Sakit Qurbanov AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, A.Qurbanov artıq 15 günə yaxındır xəstəxanada müalicə alır: "Bircə onu bilirəm ki, xəstəxanadadır. Nə diaqnozu, nə də hansı səbəbdən xəstəxanaya yerləşdirildiyini bilirəm. Amma Aslanın ürəyində problem var, həm də epilepsiya xəstəsidir. Xəbərimiz olmadan onu ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə keçirilib, lakin Aslan buraxılmayıb".

Bloqerin hazırda məhkəməsinin getdiyini bildirən S.Qurbanov qeyd edib ki, qardaşı ilə əlaqə saxlaya bilmir: "Aslan iyulun 14-də həbs edilib. O vaxtdan bəri cəmi bir dəfə onu uzaqdan görə bilmişəm. Onunla görüşüb danışmaq imkanı verilmir".

Buna da bax: 'Ləzgi dilində 108, talış dilində 225 məktəb var'

"Deyilib ki, o, dövlətə qarşı çağırış edib"

S.Qurbanov əlavə edib ki, istintaq orqanından ittiham aktını ala bilmir: "Həbs olunandan sonra üç gün ondan xəbərimiz olmayıb. Həbs edəndə bizə səbəbi də demədilər. Sonradan öyrəndik ki, o, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) saxlanılır. Qardaşıma dövlət tərəfindən vəkil təyin olundu. Biz ondan imtina etdik və özümüz vəkil Ramiz Məmmədovla müqavilə bağladıq. Amma buna baxmayaraq, indiyə qədər bizə məhkəmənin ittiham aktı verilməyib. Yalnız şifahi şəkildə deyilib ki, o, dövlətə qarşı çağırış edib".

S.Qurbanov həmçinin bildirib ki, qardaşının dövlət əleyhinə çağırış etməsi məsələsi yalandır.

Buna da bax: Azərbaycan 24 min avro cərimələndi

A.Qurbanovun vəkili Ramiz Məmmədov isə "Turan" agentliyinə istintaq sirrinin yayılmaması barədə iltizamla əlaqədar bu məsələdə şərh vermək istəmədiyini bildirib. Yalniz onu qeyd edib ki, gənc qismən günahını etiraf edir və saxlanma şəraitindən şikayətlənmir.

Bu deyilənlərə DTX və başqa rəsmi qurumlardan isə , hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

A.Qurbanov Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Buna da bax: Azərbaycan Talışları Şurası yaradılıb

Səbail Rayon Məhkəməsində A.Qurbanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan Talışları İctimai Şurası isə bəyanatında bildirib ki, gəncə qarşı irəli sürülən ittihama görə, o özünün Facebook, Instagram səhifələrində dövlət əleyhinə və milli-dini ayrıseçkiliklə bağlı təbliğat aparıb. "Aslan Qurbanovun bizə bəlli olan caspi_cadus_talysh adlı Instagram səhifəsində onun, əsasən, tanınmiş talış müğənnilərindən mahnılar, talış yazarlardan şerlər, hekayələr, talış əsilli qəhrəmanları və sairə təbliğ etdiyini görmək olar. Ölkəsində və İranda yaşayan soydaşlarının milli mədəniyyətini, dil və ədəbiyyatını təbliğ etmiş bu gəncin siyasi xarakterli hər hansı digər paylaşmasına rast gəlinmir", - bəyanatda qeyd edilir.

Həmin maddələr üzrə bloqerə 8 ilə qədər həbs cəzası verilə bilər.