Hüseyn Məlik 15 sutka həbs edilib

H.Məlikov

Bu gün, sentyabrın 11-də Səbail Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADP) Hərəkatı İdarə Heyətinin üzvü Hüseyn Məlikin 15 sutka həbs cəzası aldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Hərəkatdan bildiriblər.

Verilən məlumata görə, H.Məlik İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda təqsirli bilinib.

ADR Hərəkatı H.Məlikin polisə müqavimət göstərməyə görə həbs edilməsini əsassız sayır. Verilən məlumata görə, saxlanan gün H.Məlikin ad günü olub.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və sözügedən məhkəmədən münasibət almaq mümkün olmayıb.

Hüseyn Məlikin saxlandığı deyilir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü Hüseyn Məlikin dünən, sentyabrın 10-da saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Hərəkatdan məlumat verilib.

Bildirildiyinə görə, o, yaşadığı mənzildən Səbail rayon 41 saylı polis bölməsinə aparılıb, amma bunun səbəbi bilinmir.

Yaxınlarının deməsinə görə, H.Məlik bu gün, sentyabrın 11-də isə Səbail Rayon Məhkəməsinə gətirilib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

H.Məlik Fecebook səhifəsində, bir qayda olaraq, hakimiyyəti sərt tənqid edir.