Emin Saqiyevin xanımı: "Eminə tibbi yardım göstərməyə imkan vermirlər'

6 saylı cəzaçəkmə müəsissəsi, arxiv foto

Hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Emin Saqiyevin artıq 19-cu gündür saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə E.Saqiyevin həyat yoldaşı Aygün Saqiyeva məlumat verib. Onun sözlərinə görə, E.Saqiyev bu gün, sentyabrın 5-də evə zəng vuraraq bildirib ki, ürək və böyrək ağrıları var:

"Emin həkimlərin nəzarəti altında olmasına baxmayaraq, ona tibbi yardım göstərməyə imkan vermirlər. Emin 19 gündür aclıq aksiyası keçirir, amna dövlət orqanlarından heç kim onun səhhəti ilə maraqlanmayıb".

A.Saqiyeva əlavə edib ki, vəkil Ali Məhkəmənin qərarından bu qurumun Plenumuna kassasiya şikayəti vermək niyyətindədir. Bu deyilənlər ilə bağlı, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma sentyabrın 1-də Ombudsman Aparatından bildirilmişdi ki, Milli Preventiv Qrupun (MPQ) üzvləri E.Saqiyevə baş çəkib.

“6 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə çərçivəsində bir çox məhkum, o cümlədən internet saytlarında qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Emin Saqiyev konfidensial qaydada qəbul olunub. O, barəsində olan məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını bildirib”, deyə açıqlamada yazılırdı.

Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus kimi tanınan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Emin Saqiyev 2017-ci ilin noyabrında həbs edilib. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onu böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edib. Bəzi hüquq müdafiəçilərinin fikrincə, Saqiyev bacanağı, hazırda mühacirətdə olan Türkel Azərtürkün jurnalist fəaliyyəti ilə əlaqədar saxta ittihamla həbs edilib. Ailə üzvlərinin sözlərinə görə, Emin Saqiyev aclıq aksiyasına avqustun 18-də onun kassasiya şikayəti ilə bağlı keçirilmiş Ali Məhkəmənin iclasından sonra başlayıb. Həmin iclasda kassasiya şikayəti təmin edilməyib.