İyulun 14-də "orduya dəstək" aksiyasından sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov avqustun 29-da Atletlər Kəndində saxlandığı koronavirus xəstələri üçün ayrılmış karantindən evə buraxılıb.
Bu barədə Azadlıq Radiosuna vəkil Aqil Layıc məlumat verib. M.İbrahimov Cinayət Məcəlləsinin (CM) 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması - xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunur.
Buna da bax: Ombudsman təsdiqlədi: “Mehdi İbrahimov aclıq edəcəyini bildirib”Onun barəsində iyulun 22-də seçilmiş 3 aylıq həbs-qətimkan tədbiri avqustun 19-da Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı ilə əvəz olunub. Lakin M.İbrahimov həmin gün Atletlər Kəndində olan karantinə yerləşdirilib.
Vəkilin sözlərinə görə, Mehdi İbrahimov karantin müddəti bitdiyinə və koronavirusla bağlı keçdiyi testlərin nəticəsi neqativ olduğuna görə, evə buraxılıb. A.Layıc əlavə edib ki, M.İbrahimov özünü normal hiss edir və karantində olan dövrdə saxlanma şəraitindən şikayəti yoxdur:
"Mehdi İbrahimovun işi üzrə istintaq dövrü oktyabrın 20-də bitir və biz işində cinayət tərkibi olmadığına görə, işə xitam verilməsi ilə bağlı vəsatət verəcəyik".
Sizin brauzer HTML5-i dəstəkləmir
Mehdi İbrahim: Fikirləşirdim ki, mən 3 ay həbsdə dözə bilmərəm...
Vəkil Aqil Layıc bundan öncə Mehdi İbrahimovun evə buraxılmaq yox Atletlər Kəndində karantinə alınmasını qanunazid sayıdığını bildirmişdi. M.İbrahimovun atasından fərqli olaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğu deyilir. Atası oğlunun onun siyasi fəaliyyətinə görə, şərləndiyini açıqlayıb.
Amma rəsmilər ölkədə siyasi motivli həbslərin olması barədə deyilənləri qəbul etmirlər.
Xatırlatma
Bakıda "Orduya dəstək" aksiyası, 14 iyul 2020
Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Amma onlar bu hadisələrlə bağlı dəqiq neçə nəfərin saxlandığını, onlardan neçəsinin həbs edildiyini açıqlamayıblar. Yerli hüquq müdafiçilərinin bildirməsinə görə, həmin hadisələr zamanı ümumilikdə 70 civarında şəxs saxlanıb, onlardan 25 nəfərdən çoxu istintaqa cəlb edilərək həbs olunub. AXCP-dən verilən məlumata görə isə, son vaxtlar bu partiyanın 45 üzvü̈ saxlanıb.
Onlardan 17 nəfərə orduya dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq i̇darəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürüldüyü, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Partiya habelə qeyd edib ki, daha 18 cəbhəçiyə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib, 10 nəfər isə saxlandıqdan sonra sərbəst buraxılıb. Amma bu məlumatları rəsmilərdən tam dəqiqləşdirmək mümkün olmayıb.
Bu cinayət işi üzrə həbs olunanlara, əsasən, özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb.
Buna da bax: F.Qəhrəmanlının ailəsi: 'Fuad evə zəng vurmur, görüş verilmir'AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, o cümlədən F.Qəhrəmanlının həmin yürüşdə iştirak etmədiyini bəyan edib.