ABŞ-da afroamerikalının güllələnməsi iğtişaşlara səbəb olub

ABŞ-da etirazlar, arxiv fotosu

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində afroamerikalının polis tərəfindən güllələnməsinin videosu iğtişaşlara səbəb olub, polis avqustun 24-də etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

29 yaşlı Ceykob Bleyk yaxınlıqdakı xəstəxanada əməliyyat olunandan sonra sabit vəziyyətdədir. O, bir neçə güllə yarası alıb.

Ştatın Demokrat partiyasından olan qubernatoru Toni Evers 100 min əhalisi olan şəhərə Milli Qvardiyanın 125 üzvünü yerləşdirib.

Etirazçılar avtomobilləri yandırıb, şəxsi və dövlət əmlakına ziyan vurub, polislə toqquşub. Bundan sonra yerli hakimiyyət axşam 8-dən sonra komendant saatı elan edib. Komendant saatından sonra artıq ikinci gecədir toqquşmalar baş verir, yüzlərlə nümayişçi “Ədalət yoxsa, sülh də yoxdur”, “Onun adını deyin – Ceykob Bleyk”.

Buna da bax: Trump heykəlləri hücumlardan qorumaq üçün fərman imzalayıb

Detallar bəlli deyil

Avqustun 23-də baş vermiş insidenti yoldan keçən çəkib. Bleyk SUV avtomobilinin qarşısında gedir, polis isə silahını çəkib. O daha sonra sürücü tərəfdən qapını açır, maşının içinə əyilir, polis onun köynəyini dartır. Bleyk arxasını çevirəndə polisin yeddi dəfə atəş açdığı eşidilir. Ancaq Bleykə neçə güllənin dəydiyi bəlli deyil.

Polis məişət mübahisəsinə cavab verdiklərini deyiblər, ancaq atəşə nə səbəb olduğu açıqlanmayıb.

Polis əməkdaşlarının avtomobildə atəşə səbəb olacaq nə dedikləri də bəlli deyil. Yaxud atəşi bir, yaxud hər iki əməkdaşın açdığı bilinmir.

Məlumata görə, polis Bleykə atəş açanda onun üç övladı SUV-un arxa oturacağında əyləşibmiş.

Hadisə yerində olmuş üç polis əməkdaşı administrativ məzuniyyətə buraxılıb.

Buna da bax: İrqçiliklə bağlı kitablar bestseller olub

Məhkəmə sənədlərinə görə, üçüncü dərəcəli cinsi təcavüz, başqasının əmlak hüququnu pozmaq, məişət zorakılığı ittihamları ilə iyulda Bleykin həbsinə order çıxarılıbmış.

Polis tərəfindən güllələnən, yaxud öldürülən afroamerikalıların ailələrini təmsil edən vəkil Bencamin Kramp deyib ki, Bleyk “məişət zorakılığına müdaxilə etməklə düzgün olanı etməyə çalışırdı”.

“Hamımız Ceykob Bleykin Kenoşa polisi tərəfindən arxadan bir neçə dəfə güllələnməsinin dəhşətli videosunu izləmişik. Ən pisi odur ki, üç oğlu atalarının güllələndikdən sonra yıxılmasının şahidi olublar”, – Kramp bəyanatında vurğulayıb.

Buna da bax: 'Küləklə sovrulanlar' – Amerikanın ən qəribə filmi?

“Şəhər sakitləşməyəcək”

Mayda Minneapolisdə afroamerikalı George Floyd polis əməkdaşları tərəfindən öldürüləndən sonra ölkədə irqi ədalətsizliyə etirazlar başlandı. Son insidentin Kenoşa və digər şəhərlərdə etirazlara yol açacağı gözlənir.

“Etirazçılara polis əməkdaşının işdən çıxarıldığı deyilməyincə şəhər sakitləşməyəcək. Üç övladı maşında olan bu şəxsi kürəyindən güllələməyə səbəb yox idi”, – “Black Lives Matter” hərəkatının Kenoşadakı liderlərindən biri Uitni Kabal deyib.

Qubernator Evers isə “qaradərili viskonsinlilərə qarşı aşırı gücdən istifadəni” pisləyib.

“Detalların hamısı bəlli olmasa da, bir şeyi əminliklə bilirik ki, o, ştatımızda, yaxud ölkəmizdə hüquq-mühafizə əməkdaşların tərəfindən güllələnən, yaxud öldürülən ilk qaradərili şəxs deyil”, – qubernator vurğulayıb.

O, gələn həftə qanunverici orqanın xüsusi iclasını çağırıb, bir neçə ay öncə təqdim olunmuş polisdə hesabatlılığın artırılmasını nəzərdə tutan qanunvericilik nəzərdən keçiriləcək.

Şəhərin polis birliyinin prezidenti Pit Dites isə Eversin mühakimə etməyə tələsməklə “tam məsuliyyətsiz” davrandığını açıqlayıb. O, ictimaiyyəti bütün faktların açıqlanmasını gözləməyə çağırıb.