Keçmiş başçı həbs edilib

Gəncə Şəhər İcra Hakimiyyəti

Baş Prokurorluq avqustun 24-də Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə bu şəhərin icra hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayev ilə bağlı məlumat yayıb.

Məlumatda habelə, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmlidən də bəhs edilir.

Bildirilib ki, M.Mustafayevə, Ə.Rüstəmliyə və daha bir şəxsə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma) maddələri ilə ittiham verilib. Onlar habelə, 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Verilən məlumata görə, M.Mustafayev və Ə.Rüstəmli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, daha bir şəxs barəsində isə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib.

Bu açıqlamaya, hələlik, sözügedən keçmiş məmurların və onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.