İran Natanz obyektindəki partlayışın ‘sabotaj’ olduğunu təsdiqləyir

Natanz, 2 iyul, 2020-ci il

İranın Atom Enerjisi Təşkilatı bildirir ki, iyulda ölkənin əsas nüvə obyektindəki partlayışa sabotaj səbəb olub.

“Natanz nüvə obyektindəki partlayış sabotaj əməliyyatının nəticəsi olub, təhlükəsizlik orqanları partlayışın səbəbini vaxtı gələndə açıqlayacaqlar”, – sözçü Behrouz Kamalvandi avqustun 23-də al-Alam dövlət televiziyasına deyib.

İran iyulun 2-də deyirdi ki, insidentin səbəbi müəyyənləşdirilib, ancaq təhlükəsizlik səbəblərindən detalları açıqlamamışdı.

Bu arada mümkün sabotajla bağlı spekulyasiya səslənirdi. Təhlilçilər partlayışın arxasında İsrail, yaxud Birləşmiş Ştatların durması ehtimalını səsləndirir, bunu Tehranın nüvə fəaliyyətini önləmək niyyəti ilə əlaqələndirirdilər.

Kamalvandi sabotajın daxildən, yaxud xaricdən qaynaqlandığını açıqlamayıb.

İranın bəzi rəsmiləri insidenti kiberhücum adlandırmışdı.

Natanzdakı hadisə son aylar İran infrastrukturunda bir neçə yanğın və partlayışdan yalnız biri idi.

Natanz İranın əsas uran zənginləşdirmə mərkəzidir.

Birləşmiş Ştatlar İranla nüvə sazişindən 2018-ci ildə çıxıb. Bundan sonra Tehran saziş çərçivəsindəki öhdəliklərinin icrasını məhdudlaşdırmağa başlayıb.