Avqustun 6-da Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi müşavirədə AZAL, Azenerji və SOCAR kimi dövlətin iri vergi ödəycilərini tənqid elədi.
Prezident adıçəkilən şirkətlərə dövlət büdcəsindən ayırmalar olduğuna diqqət çəkdi:
“...Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır...”
Dövlət başçısının söylədiklərinə media və sosial şəbəkələrdə münasibət birmənalı deyil. Bir çoxlarında sual yaranıb ki, prezident əvvəllər niyə bu barədə danışmırdı?
“Dövlət onları həmişə üzərində saxlaya bilməz”
Deputat Vahid Əhmədov mövzu ilə bağlı Azadlıq Radiosuna açıqlamasında prezidentin qaldırdığı məsələlərin daim gündəmdə olduğunu xatırladaraq bildirib ki, Milli Məclisdə dövlət büdcəsinin icrası müzakirə olunanda onlar iri şirkətlərin fəaliyyətinə toxunub:
“Cənab prezidentin toxunduğu əsas məsələ odur ki, həmin şirkətlər dövlət zəmanəti ilə kifayət qədər kredit götürürlər və vaxtında qaytarmadıqlarından əlavə faizlər gəlir. Nəticədə dövlət həmin kreditləri büdcənin hesabına ödəməyə məcbur olur. İkinci, ölkə başçısı bildiridi ki, kifayət qədər sizə vəsait ayrılır, istifadə edirsiniz, amma büdcəyə gəlir gəlmir, yaxud zəif olur. Üçüncü, adıçəkilən şirkətlərdə struktur dəyişikliklərinin aparılmasıdır. Çünki dövlət onları həmişə üzərində saxlaya bilməz, onlar özəl şirkətə çevrilməlidir, burda da ciddi struktur dəyişiklikləri aparılmalıdır”
Buna da bax: İnvestisiya Holdinqindən gözləntilər
Deputatın fikrincə, dördüncü, şirkətlərə nəzarət mexanizmi zəif olub. Zamanında yoxlamalar aparılmayıb. Maliyyə Nazirliyi dövlət zəmanətiylə kreditlər verib, amma vaxtı keçəndə tədbirlər görməyib:
“ Yəni həmin şirkətlər kifayət qədər oturuşmuş və dövlət büdcəsindən maliyyələşiblər. Ona görə də indiki vəziyyətdə, pandemiyanın (koronavirus pandemiyası) yaratdığı problemlərin həlli, qeyri-neft sektorunun inkişafına nəzarətin güclənməsi üçün əlavə gəlir mənbələrinin axtarılması baxımından bunlar ön plana çıxarılır”.
“Prezident özü bilir kimin haqqında ölçü götürəcək”
Vahid Əhmədov hesab edir ki, prezident özü bilir kimin haqqında ölçü götürəcək:
“ Ölkə başçısının mesajlarından müəyyən nəticə çıxaran insanlar da olacaq. Yəqin ki, müəyyən yoxlamalar aparılacaq və problemlər öz həllini tapacaq. Ümumiyyətlə, son vaxtlar bu sahədə ciddi addımlar atılır, kifayət qədər rüşvətə və korrupsiyaya uğrayan insanlar vəzifədən çıxarılır və yaxud həbs edilir”
“Sonra özlərinə məxsus şirkət və holdinqlər vasitəsilə özəlləşdirəcəklər”
İctimai fəal Bəxtiyar Hacıyev isə mövzu ilə bağlı açıqlamasında prezidentin iri dövlət şirkətlərini sərt tənqid etməsinin bir neçə səbəbi olduğunu düşünür: O, hesab edir ki, cəmiyyətdə kifayət qədər müxtəlif sahələr barədə ciddi narazılıq var:
“Prezident də hansısa tənqidlərlə özünü xalqa yaxın göstərmək istəyir. İkinci səbəb gəlirlərin azalmasıdır, o cümlədən dövlət büdcəsinin, dolayısıyla prezidentin özünün və ətrafının gəlirləri azalır. Ona görə də gəlir gətirə biləcək şirkətlər, SOCAR, Azenerji və AZAL dövlət büdcəsi hesabına sağlamlaşdırılır, yəni dövlət büdcəsindən kifayət qədər investisiya qoyub, sonra özlərinə məxsus şirkət və holdinqlər vasitəsilə özəlləşdirəcəklər. Əks halda, prezident özü yaxşı başa düşməliydi ki, qeyri-səmərəli idarəçiliyin əsas səbəbi özüdür”.
Buna da bax: BP Azərbaycandan da gedə bilərmi?
Bəxtiyar Hacıyev bildirib ki, bundan sonra sırf idarəçilik baxımından iri şirkətlər istər dövlət nəzarətində qalsın, istərsə də özəlləşdirilsə də, onların fəaliyyəti ciddi şəkildə fərqlənməyəcək:
“ Çünki Azərbaycanda özəlləşirmə prosesi məlum olan prinsiplər şəklində həyata keçiriləcək. Buna görə də xüsusi fərqli bir şey gözləmirəm. Yeganə fərq, dəyişən o olacaq ki, dövlət büdcəsi hesabına ayaqda dayanan şirkətlər özəl olaraq ya hakim ailəyə, ya ailəyə yaxın qurumlara təhvil veriləcək”
Prazident : “Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması,...”
Bu fikirlərə, hələlik, Maliyyə Nazirliyi və Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb. Amma prezident özü həmin müşavirədə demişdi:
“Bizim niyyətimiz və siyasətimiz artıq birmənalı şəkildə vətəndaşlara təqdim edilib. Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq”
Buna da bax: Həbsdə olan Məmməd İbrahim: 'Oğluma görə çox narahatam...'
Üstəlik, rəsmilər bir qayda olaraq hakim ailənin biznesi ilə bağlı iddiaları qərəzli və böhtan sayırlar. O ki qaldı müşavirədə tənqid edilən qurumlara, onların bəzilərindən buna münasibət almaq mümkün olmayıb.
SOCAR isə mövzu ilə bağlı özü açıqlama yayıb. SOCAR-dan prezidentin dediklərinə münasibət Prezidentin keçirdiyi müşavirədən bir gün sonra, avqustun 7-də SOCAR-ın rəhbər şurasının ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdiyi açıqlanıb. Şirkətin yaydığı məlumata görə, prezidentin rəhbərliyi və dəstəyi ilə son 15 ildə SOCAR lokal milli şirkətdən beynəlxalq şirkətə çevrilib, qlobal və regional əhəmiyyətli bir çox meqa-layihələri həyata keçirməyə nail olub.
“Hazırkı dövrdə inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmağın və koorparativ idarəetmə sistemini təkmilləşdirməyin əhəmiyyəti vurğulanıb. Effektli bazar iqtisadiyyatı modelini əsas götürərək, müasir rəqəmsal şirkətə transformasiyamız bundan sonra daha da sürətlənməsi, əməliyyat və investisya layihələrinin gəlirliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb”,açıqlamada yazılıb. Qeyd edildiyinə görə, hələ bir müddət əvvəl SOCAR 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını McKinsey şirkəti ilə birlikdə hazırlamağa başlayıb və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırır:
“ Strategiyanın əsas prinsipləri şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin təmin olunması, ölkəmizin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı borcların idarə olunmasıdır”.
Açıqlamaya görə, bunun üçün idarəetmə modelinin bütövlükdə təkmilləşdirilməsi, funksional idarəetməni mərkəzləşdirməklə yanaşı, əməliyyatların çevikliyinə nail olunması, ən əsası da bürokratik proseslərin sadələşdirilməsi mütləq şərtdir:
“ SOCAR artıq bir müddətdir ki, bu istiqamətdə irəliləyir və indi, cənab Prezidentin haqlı iradlarını əsas götürərək, atdığı addımları daha da sürətləndirmək əzmindədir.”
Xatırlatma
Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi müşavirədə konkret SOCAR-la bağlı demişdi:
“Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik.”