Kürd əsilli iranlı yazar sığınacaq aldı

Behrouz Boochani

Altı ildir Avstraliyada sığınacaq istəyənlərin düşərgəsində saxlanan kürd əsilli iranlı yazıçı Behrouz Boochani Yeni Zelandiyada qaçqın status alıb.

İmmiqrasiya orqanları mükafat almış müəllifin ölkədə qala biləcəyini təsdiqləyiblər.

Boochani jurnalist kimi 2013-cü ildə İrandan təqiblərdən qaçıb. O, noyabrdan Yeni Zelandiyadadır, ədəbiyyat festivalına gedəndən sonra orada qaçqın status üçün müraciət edib.

Boochani 2019-cu ildə avtobioqrafik əsərinə görə Avstraliyanın nüfuzlu Ədəbiyyat üzrə Viktoriya Mükafatına layiq görülüb.

Müəllif kitabında İrandan qaçandan sonrakı həyatını, İndoneziyadan Avstraliyanın Milad adasına qayıqla getməsini, Papua-Yeni Qvineyanın Manus adasında Avstraliya hakimiyyəti tərəfindən saxlanmasını təsvir edib.

O, 374 səhifəlik kitabı telefonunda WhatsApp applikasiya vasitəsilə yazıb, Avstraliyada tərcüməçi və redaktorlara yüzlərlə mesaj göndərib.

2017-ci ildə Manus təcridxanası bağlanandan sonra Boochani Papua-Yeni Qvineyanın paytaxtında təcridxanaya köçürülüb.

Yeni Zelandiya hökumətində koalisiya tərəfdaşı olan Yaşıllar Partiyası yazara qaçqın status verilməsi xəbərini alqışlayıb.

Avstraliya sığınacaq istəyənləri dənizdəcə yaxalayır və ofşor saxlama mərkəzlərinə yerləşdirir. Onlar Avstraliya torpağına ayaq basmaqdan həmişəlik məhrum olurlar.