XİN xaricdə azərbaycanlıların təxribatla üzləşdiyini bildirir

XİN

"...Xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı aqressiv təxribatçı əməllərin şahidi oluruq".

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iyulun 23-də yaydığı bəyanatda yer alır.

Sənədə görə, təxribatçı əməlləri radikal erməni qüvvələri son dərəcə aqressiv şəkildə törədirlər.

Bəyanatda yazılıb ki, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı təxribatlar törədilib. "Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verilib", - sənəddə yazılıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tovuzda nə baş verir? Hazırladığımız reportaj

Bu il iyulun 12-i, 13-ü və 14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

Bundan sonra, xaricidə yaşayan bəzi azərbaycanlı icmalar olduqları ölkələrdə Azərbaycan-Ermənistan sərhədində yaşanan toqquşmaları pisləyən aksiyalar keçiriblər. Eyni zamanda, erməni icmalarının da aksiyaları olub.

Həmin aksiyada bir sıra insidentlərin yaşandığı bildirilir.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.