471 yoluxma aşkarlanıb, 7 ölüm

Sizin brauzer HTML5-i dəstəkləmir

Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 26636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib, 8490 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 23, ötən müddət ərzində isə ümumilikdə 610 min 523 test aparılıb.

Bundan başqa, Səhiyyə Nazirliyindən bildirildiyinə görə, bu virusa yoluxma ilə bağlı əlavə evdə müalicə alan, karantində saxlanan şəxslər var. Səhiyyə Nazirliyinin bu həftənin əvvəli yaydığı məlumata görə, onların sayı 10 mindən çoxdur.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 13 milyon 996 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 593 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.