ABŞ senatorları Bob Menendez və Cory Booker isə bəyanatlarında sərhəddə baş verən zorakılığa görə Azərbaycanı ittiham ediblər.
“Azərbaycan Türkiyənin dəstəyilə ATƏT-in Minsk qrupunun apardığı dinc danışıqlar prosesindənsə zorakılıq yolunu seçib. Biz atışmanı dayandırmağa, dərhal sülh danışıqlarını bərpa etməyə çağırırıq”, – bəyanatda vurğulanır.
Senatorlar Azərbaycan hökumətinə hərbi yardım məsələsini qaldırır, “ABŞ-ın həmsədrlik etdiyi sülh prosesinə sayqısızlıq göstərən rejimə 120 milyonluq təhlükəsizlik yardımının absurd olduğunu” vurğulayırlar. Bəyanat müəllifləri Trump administrasiyasını bu yardımı dərhal dayandırmağa, Azadlığa Dəstək Aktına 907-ci Düzəlişə tam sayqı göstərməyə çağırırlar.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il öncə Bob Menendezi “qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adam” adlandırmışdı.
Xatırlatma
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.
Prezident İlham Əliyev baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.
Ermənistan tərəf də Azərbaycanı ittiham edir.
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.
Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Son toqquşmalarla əlaqədar bir sıra beynəlxalq qurumlar – ATƏT, Avropa Birliyi, ABŞ Dövlət Departamenti tərəfləri atəşkəs rejiminə qayıtmağa, danışıqları bərpa etməyə çağırıb.