Etirazçılar polislə əlbəyaxa olub

Belarusda etirazçılar

Belarusda minlərlə etirazçı küçələrə çıxaraq polislə üz-üzə gəlib. Səbəb Prezident Alyaksandr Lukashenka-nın əsas rəqibinin gələn ay keçiriləcək seçkiyə buraxılmamasıdır. Bu arada ölkə liderinin koronavirus pandemiyasını idarə etməsi getdikcə ictimai narazılığı artırmaqdadır.

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 14-də bildirməsinə görə, 9 avqust seçkisinə beş namizəd rəsmən qeydə alınıb. Onlardan biri ölkəni 1994-cü ildən idarə edən 65 yaşlı Lukashenka-dır.

Komissiya sədri deyib ki, keçmiş bank meneceri, hazırda həbsdə olan Viktar Babaryka namizədlər siyahısında yoxdur. Babaryka özü və seçki qərargahı ittihamları siyasi motivli sayır.

Buna da bax: Belarusda seçkiöncəsi vəziyyət ‘dəhşətlidir’

Deklarasiyada uyğunsuzluq

MSK sədri Lidziya Yarmoshyna-nın sözlərinə görə, Babaryka-nın namizədliyinin qeydə alınmamasına onun gəliri və əmlak deklarasiyasında aşkarlanmış uyğunsuzluqlar səbəb olub. Daha bir səbəb onun seçki kampaniyasına xarici təşkilatın qatılmasıdır. Yarmoshyna əlavə informasiya açıqlamayıb.

Tanınmış biznesmen, Belarusun Birləşmiş Ştatlarda keçmiş səfiri Valer Tsapkala-nın namizədliyi də qeydə alınmayıb.

Avropa Birliyinin xarici siyasət rəhbəri Josep Borrell deyib ki, “namizədlərin prosesdən açıq-aşkar qanunsuz kənarlaşdırılması Belarus xalqının öz iradəsini ifadə etmək imkanını məhdudlaşdırır, seçkilərin bütövlüyünə və demokratik xarakterinə kölgə salır”.

Buna da bax: Belarus məhkəməsi bir iş üzrə ölüm cəzasını ləğv edib

140-dan çox etirazçı saxlanıb

Paytaxt Minskdə minlərlə etirazçı müxtəlif yerlərdə dinc nümayişlər keçirib, əl çalıb, sürücülər isə siqnal verməklə onları dəstəkləyib. Brest və Qomeldə də oxşar etirazlar olub.

AzadAvropa/AzadlıqRadiosu ölkə boyunca 140-dan çox etirazçının saxlandığını hesablayıb. Onların içində radionun Minskdən canlı yayım verən iki jurnalisti də var.

Sosial mediada yayılmış videolarda polis əməkdaşları və mülkigeyimlilərin bəzi etirazçıları maşınlara doldurduğu görünür.

Son etirazlarda görünməyən səhnə isə etirazçıların çevik polislə, mülkigeyimlilərlə əlbəyaxa olmasıdır.

Getdikcə Lukashenka idarəçiliyinə ictimai dirəniş güclənir. Digər tərəfdən də iyulun 14-dək ölkədə koronavirusa 65 mindən artıq təsdiqlənmiş yoluxma qeydə alınıb. Lukashenka isə hər hansı karantin tədbiri elan etməyib, virusu “psixoz” adlandırıb.

Son aylar keçirilən yürüş və nümayişlərdə fəallar və bloqerlər daxil yüzlərlə saxlanan olub.

Babaryka və oğlu iyunun 18-də saxlanıblar, vergidən yayınma, çirkli pulyumada şübhəli bilinirlər.