İyulun 13-də ilk dəfə ölkədə COVID-19 virusundan sağalma sayı yoluxma sayını üstələdi. Operativ Qərargahın iyulun 13-ünə olan rəsmi məlumatına görə, virusa yeni yoluxanların sayı 529 nəfər, sağalanların sayı isə 547 nəfər oldu. Amma, məsələn, iyun ayının 1-də virusa 168 nəfər yoluxsa da, sağalan 80 idi. Yəni, sağalanların say iki dəfə az idi.
Bir çoxları bunu iyunun 20-dən tətbiq edilən sərt karantin rejiminin nəticəsi saysa da, bəziləri bununla razılaşmırlar.
Buna da bax:
Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'Doktor Vasif İsmayıla görə, sağalanların sayının artması birbaşa sərt karantin rejiminin nəticəsidir və öz nəticəsini verməyə başlayıb.
Baş infeksionist Cəlal İsayevin fikrincə, indi Azərbaycanda COVID-19 virusu ilə bağlı vəziyyəti sabitləşmiş saymaq olar: "Vəziyyətin sabitləşməsi irəliləyiş ola biləcəyinə əsas verir. Sabitləşmə özü də müsbət nəticə sayıla bilər".
A.Qeybulla
Professor Adil Qeybulla hesab edir ki, COVID-19-la bağlı gündəlik diqqətə çatdırılan rəsmi rəqəmlər real vəziyyəti əks etdirmir və səbəbini də belə izah edir: "Biz gündəlik mənzərəni görürük. Artıq özəl klinikalarda, gündəlik həyatda danışdığımız xəstələrin arasında ailəvi yoluxanlar kütləvi şəkildədir. Bunların çoxu həkimlərlə danışaraq qeydiyyata düşmədən evdə müalicə olunurlar".
Buna da bax:
Karantinin işsiz qoyduğu gənc ailə: 'Körpəyə yeməyi nəylə alaq?'Nazirlər Kabineti yanında Operativ Qərargahdan sərt karantin müddətinin iyulun 20-dən sonra ləğv olunacağı, yoxsa davam edəcəyi barədə indidən danışmağın hələ tez olduğunu bildirdilər.
Xatırlatma
Koronavirus infeksiyasına yoluxma ilə bağlı Azərbaycanda karantin rejimi martın 24-dən tətbiq edilib. Sərhədlər bağlanıb, ölkə içində hərəkət məhdudlaşdırılıb. Ölkədə təhsil müəssisələri bağlanıb, iri ticarət şəbəkələri fəaliyyətini dayandırıb. Toy-yas mərasimlərinin keçirilməsinə qadağa davam edir.
Karantin bir müddət yumşaldılsa da, yenidən sərtləşdirilib. Sonuncu dəfə bu müddət iyulun 20-dək uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 13-də yaydığı məlumata görə, ölkədə 529 yoluxma, 546 sağalma, 7 ölüm faktı qeydə alınıb. İndiyə kimi ümumi yoluxanların sayı 24 min 570, ümumi ölüm 313, aktiv xəstə sayı 8 min 617-dir.