Suriyadakı Rusiya-Türkiyə birgə patrulu yol kənarına qoyulmuş bomba hücumuna məruz qalıb, üç rusiyalı əsgər yaralanıb. Bunu iyulun 14-də Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.
Bir neçə türkiyəli əsgərin də yaralandığı xəbər verilir. Hadisə Suriyanın şimal-şərqində üsyançıların əlində olan İdlib regionunda baş verib. Bomba silahlılar tərəfindən Hələb ilə Latakyanı birləşdirən M4 magistralına qoyulub.
Türkiyə və Rusiya martda İdlibdə atəşkəslə bağlı razılığa gəliblər. O vaxtadək bir neçə ay ərzində Suriya qüvvələri Rusiyanın dəstəyi ilə hücuma keçib, 1 milyonadək insan evindən didərgin düşüb, Türkiyəyə daha bir qaçqın axını qorxusu yaranıb.
Türkiyə və Rusiya əsgərləri üsyançılarla hökumət qüvvələri arasındakı bufer zonada birgə keşik çəkirlər.