Özbəkistan koronavirusa yoluxmaları yavaşıtmaq üçün ikinci dəfə karantin elan edəcək. Hökumətin xüsusi komissiyası iyulun 8-də bildirib ki, iyulun 10-dan avqustun 1-dək yeni karantin başlanır.
Hökumət birinci karantini iyunun 15-də yumşaltmışdı.
Komissiyanın məlumatına görə, ictimai nəqliyyat məhdudlaşdırılacaq, marketlər, böyük qeyri-ərzaq mağazaları, əyləncə və idman məkanları bağlanacaq.
Ailə tədbirləri, mərasimlər də bu müddətdə qadağan olunur.
Dövlət şirkətləri və qurumların bütün işçiləri məsafədən işləyəcək, iclaslar, konfranslar videolink vasitəsilə keçiriləcək.
Açıq havada 3 nəfərdən artıq adamın toplanması, yaşı 65-dən yuxarı olanların hərəkəti qadağan olunur.
Özbəkistanın 32 milyon əhalisi var. Səhiyyə orqanlarının iyulun 8-də bildirməsinə görə, ölkədə 10 min 838 nəfərin koronavirusa yoluxması təsdiqlənib, 41 xəstə vəfat edib.