Polşada seçkinin ikinci turu keçiriləcək

Andrzej Duda (ortada)

Polşada prezident seçkisinin birinci raundunda Prezident Andrzej Duda birinci yerə çıxsa da qalib gəlmək üçün gərəkən 50 faizi yığa bilməyib.

İyunun 29-da açıqlanmış ilkin nəticələrə görə, hakim Hüquq və Ədalət (PiS) partiyasının dəstəklədiyi Duda bir gün öncə keçirilmiş səsvermədə 45,7 faiz səs yığıb. Səsvermə məntəqələrinin 82 faizinin nəticələri açıqlanıb.

Daha öncə açıqlanmış ekzit poll onun 41,8 faiz səs yığacağını göstərmişdi.

İkinci yerdə gələn Varşavanın meri Rafal Trzaskowski 28,5 faiz səs yığıb.

Nəticələr təsdiqlənərsə, populist sağ-qanadı təmsil edən prezident iyulun 12-də liberal rəqibiylə yarışmalı olacaq.

Koronavirus pandemiyasına baxmayaraq, seçicilərin 63 faizə yaxını səsverməyə gedib.

Duda bir çox rəy sorğularında öndə gedirdi. Koronavirus pandemiyasına görə seçki mayın 10-dan təxirə salınmışdı.

Müxalifətin sağ-mərkəzçi Vətəndaş Platforması Partiyasından olan Trzaskowski seçki kampaniyasında “güclü dövlət, demokratiya uğrunda savaşmaq” vədi verib. O həmçinin ədliyyə islahatlarına görə Avropa Birliyi ilə ziddiyyətləri yoluna qoymağı vəd edib.