Birləşmiş Ştatların məhbus mübadiləsi çərçivəsində azad etdiyi iranlı alim Majid Taheri iyunun 8-də Tehrana çatıb. Məlumatı yarırəsmi ISNA xəbər agentliyi yayıb.
16 ay həbsdə qalmış Taheri iyunun 4-də buraxılıb. İran isə ABŞ hərbçisi Michael White-ı azad edib. White onlayn informasiya yerləşdirməklə İranın Ali dini lideri Ayətulla Ali Khamenei-ni təhqir etməkdə təqsirli bilinərək 13 il həbsə məhkum edilmişdi.
Taheri Tehran aeroportuna çatınca İranın Xarici işlər naziri Mohammad Javad Zarif-ə təşəkkürünü bildirib.
Floridada klinikada işləyən Taheri son bir həftədə Birləşmiş Ştatlardan İrana qayıtmış ikinci alimdir. Sirous Asgari iyunun 3-də vətənə dönmüşdü.
Taheri ABŞ-ın İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinmişdi. Ancaq o, iyunun 8-də həmin ittihamları “ədalətsiz və saxta” adlandrııb.
ABŞ Prezidenti Donald Trump 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra tərəflər arasındakı gərginlik daha da dərinləşib.